Asiya İnkişaf Bankı (AİB) 2018-2019-cu illərdə Azərbaycanda pul-kredit siyasətinin sərt olaraq qalacağını proqnozlaşdırır.
"Yaxın 2 il ərzində pul-kredit siyasətinin inflyasiyanın azaldılması üçün sərt olaraq qalacağı gözlənıilir", - deyə AİB-in bu gün dərc olunmuş “Asian Development Outlook 2018” hesabatında qeyd olunur.
AİB-in qiymətləndirmələrinə görə, Azərbaycan Mərkəzi Bankı manatın qiymətdən düşməsinin qarşısını almaq, eləcə də inflyasiyaya təzyiqi məhdudlaşdırmaq üçün valyuta bazarına müdaxilə edə bilər.
AİB-in proqnozlarına görə, bank sektorunda dollarlaşmanın səviyyəsi yüksək olaraq qalacaq (2018-ci il fevralın sonuna əhalinin bank əmanətləri üzrə 62% və kreditlər üzrə 39% - İF).
"Azərbaycan hökumətinin həyata keçirdiyi büdcə-vergi siyasəti iqtisadi artımın dəstəklənməsinə yönəlib, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlərin artması isə dövlət investisiyalarının həcminin artmasına imkan verəcək", - deyə bank qeyd edir.
AİB-in qiymətləndirmələrinə görə, 2018-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri ÜDM-nin 32,8%-ni, 2019-cu ildə 30,3%-ni, xərcləri isə ÜDM-nin 34,2% və 31,1%-ni təşkil edəcək.*
A.Əzizov