2018-ci ilin I rübündə dövlət büdcəsinin profisiti 154,9 mln. manat və ya bu dövr ərzində büdcə gəlirlərinə nisbətən 3,4% təşkil edib. Bu barədə Maliyyə Nazilriyindən məlumat verilir.
Nazirliyin operativ məlumatlarına əsasən, 2018-ci ilin birinci rübündə dövlət büsdcəsinin gəlirləri 4 mlrd. 562,9 mln. manat təşkil edib, proqnoz 103% icra olunub.
Gəlirlərin strukturunda Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə 1436,5 mln. manat (2017-ci ilin yanvar-mart ayları ilə müqayisədə 1,1% artım), həmçinin qeyri-neft sektorundan 969,7 mln. manat vəsait daxil olub.
Azərbaycan Dövlət Neft Fondundan dövlət büdcəsinə 2 mlrd. 299 mln. manat vəsait transfert edilib. Digər gəlirlər 21,2 mln. manat, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 79,3 mln. manat təşkil edib.
2018-ci ilin yanvar-mart ayları ərzində dövlət büdcəsinin xərcləri 4 mlrd. 408 mln. manat təşkil edib, proqnoz 108,8% icra olunub.
Cari ilin ilk üç ayında dövlət büdcəsi xərclərinin 40%-i və ya 1 mlrd. 761,3 mln. manatı sosialyönümlü xərclərin maliyyələşdirilməsinə yönəldilib. Onların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 7,7% çoxdur.
2018-ci ilin birinci rübündə dövlət büdcəsi xərclərinin 2 mlrd. 299,1 mln. manatı və ya 52,2%-i cari xərclərə, 1 mlrd. 627,2 mln. manatı və ya 36,9%-i əsaslı xərclərə, 481,7 mln. manatı və ya 10,9%-i dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.
Yanvar-mart aylarında dövlət əsaslı vəsait qoyuluşu xərclərindən elm, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 168,9 mln. manat, enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə, yenidənqurulmasına və digər sahələrə 655,6 mln. manat, o cümlədən Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsinə 21,2 mln. manat vəsait yönəldilib.
Birinci rübdə icmal büdcənin gəlirləri 7 mlrd. 62,5 mln. manat (ötən ilin eyni dövrü ilə müqayisədə 25% artım), xərcləri - 4 mlrd. 757,9 mln. manat (azalma 29,5%), profisit - 2 mlrd. 304,6 mln. manat olub. **
N.Abbasova