Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Bunu Azərbaycan prezidenti İlham Əliyev deyib.
“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prinsipial mövqeyimizdən bir addım da geriyə atmamışıq. Bu münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır, bunun başqa yolu yoxdur”, - İ.Əliyev vətəndaşlara televiziya ilə müraciətində bildirib.
Onun sözlərinə görə, son illər ərzində bir çox mötəbər beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini, ədaləti dəstəkləyən bir sıra qərar və qətnamələr qəbul ediblər.
“Biz böyük diplomatik qələbələrə nail olmuşuq. Eyni zamanda, döyüş meydanında biz böyük qələbəyə nail olmuşuq. Azərbaycan əsgəri, Azərbaycan Ordusu, Azərbaycan dövləti işğal altında olan torpaqlarımızın bir hissəsini işğalçılardan azad edib. Gün gələcək və bu gün hələ də işğal altında olan bütün torpaqlarda Azərbaycan bayrağı qaldırılacaq, bu torpaqlarda prezident seçkiləri keçiriləcək, Azərbaycan Prezidenti seçiləcək”, - prezident əlavə edib. **
A.Əzizov