Azərbaycanda prezident seçkiləri sakit şəraitdə keçib və bütün beynəlxalq standartlara cavab verib. Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün mətbuat konfransında deyib.
"Qeyd etmək istəyirəm ki, prezident seçkiləri sakit şəraitdə keçib, milli qanunvericiliyə riayət olunub və seçkilər bütün beynəlxalq standartlara cavab verib", - deyə o bildirib.
Sədrin sözlərinə görə, baxmayaraq ki, prezident postu uğrunda müxtəlif siyasi partiyaların nümayəndələri mübarizə aparıb, seçkilərin gedişində qarşıdurmanın olmaması sevindirici haldır. "Bu o deməkdir ki, Azərbaycanda kifayət qədər yüksək seçki mədəniyyəti var", - deyə M.Pənahov qeyd edib.
O əlavə edib ki, seçkilər zamanı MSK-ya pozuntularla bağlı rəsmi şikayət daxil olmayıb.
Müxtəlif müşahidəçilər missiyası seçkilərin yüksək səviyyədə təşkil olunduğunu və dairə seçki komissiyalarının nümayədələrinin peşəkarlığını qeyd ediblər.
"Bundan başqa, təhlükəsizlik normalarının pozulması faktı qeydə alınmayıb", - deyə MSK sədri vurğulayıb.
O deyib ki, seçkilər zamanı MSK və bütün dövlət strukturlarının fəaliyyəti tam şəkildə əlaqələndirilib.*
A.Əzizov