Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) bir sıra layihələrində iştirak etməyə maraq göstərir. Bunu prezident İlham Əliyev bu gün Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Rəşid Əlimovla görüşdə deyib.
“Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələri gücləndirmək əzmindədir və bu təşkilatın bir sıra layihələrində iştirak etməyə maraq göstərir. Bu qurumun üzv dövlətləri ilə uğurlu ikitərəfli münasibətlər ümumi əməkdaşlıq platformasının yaranması işinə xidmət edir və bu ölkələrlə əməkdaşlıq əlaqələri Azərbaycanın xarici siyasətinin prioritetlərindən birini təşkil edir”, - deyə o bildirib.
R.Əlimov seçkilərdə qazandığı inamlı qələbə münasibətilə dövlət başçısını səmimi qəlbdən təbrik edib və seçkiləri müşahidə etmək üçün dəvətə görə minnətdarlığını bildirib.
O, müşahidə missiyasının sərbəst şəkildə ölkəmizin müxtəlif regionlarında ümumi seçki məntəqələrinin təqribən 7 faizində müşahidələr apardıqlarını, seçki məntəqələrində işlərin yüksək səviyyədə, Azərbaycan qanunvericiliyinə uyğun şəkildə təşkil edildiyinin şahidi olduqlarını deyib.
Qonaq seçki məntəqələrində istənilən hər hansı bir sənədlə tanış olmaq imkanı əldə etdiklərini və seçki proseslərinin açıq və şəffaf şəkildə olduğunu müşahidə etdiklərini bildirib.*
B.Rüstəmbəyov