«Azərenerji» ASC 2018-ci ilin iyun ayından etibarən İrandan elektrik enerjisinin idxalına başlayacaq. Energetika Nazirliyinin məlumatında deyilir ki, məqsəd Azərbaycan regionlarını elektrik enerjisi ilə təmin etməkdir.
“Azərenerji” ilə İranın Enerjinin İstehsalı, Ötürülməsi və Paylanmasını İdarəetmə Şirkəti TAVANİR arasında elektrik enerjisinin alqı-satqısı üzrə müqavilə imzalanıb. Sənədi “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev və TAVANİR şirkətinin idarə heyətinin sədri A.Kordi imzalayıb. Müqaviləyə əsasən, cari ilin iyun ayından etibarən təcrid olunmuş (ada rejimində) Muğan və Astara bölgələri üçün 180 MVt həcmində elektrik enerjisinin idxalı prosesinə başlanacaq”, - deyə nazirliyin məlumatında bildirilir.
Müqavilə energetika nazirinin müavini Natiq Abbasovun rəhbərlik etdiyi nümayəndə heyətinin İrana səfəri çərçivəsində imzalanıb.
İranın Energetika Nazirliyində keçirilən görüşdə iki ölkə arasında elektrik enerjisinin alqı-satqısının təmin olunması, Azərbaycan-İran-Rusiya enerji sistemlərinin birgə fəaliyyətinin tənzimlənməsi və üçüncü ölkəyə elektrik enerjisinin tranziti məsələləri müzakirə edilib.
Bundan başqa, görüşdə İran-Azərbaycan-Gürcüstan elektrik enerjisi dəhlizinin inkişafına dair geniş fikir mübadiləsi aparılıb və üçtərəfli görüşün keçirilməsinin vacibliyi vurğulanıb.*
N.Abbasova