Xarici işlər naziri Elmar Məmmədyarov bu gün Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri Müsaid bin İbrahim əs-Süleymini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
“Görüşdə Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığı arasında siyasi əlaqələrin mükəmməl səviyyədə olduğu qeyd olunaraq iqtisadi-ticarət və turizm sahəsində əməkdaşlığın inkişafında əldə olunan nailiyyətlərin məmnunluq doğurduğu vurğulanıb”, - deyə XİN-in məlumatında bildirilir.
Qeyd olunub ki, keçən il 35 mindən artıq Səudiyyə Ərəbistanı vətəndaşı ölkəmizə səfər edib və hava daşımaları sahəsində sazişin imzalanması və birbaşa hava uçuşları vasitəsilə cari ildə bu göstərici daha da artacaq.
E.Məmmədyarov Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalına münasibətdə tutduğu ardıcıl mövqeyinə görə Səudiyyə Ərəbistanı Krallığına təşəkkür edib.
Səfir Müsadi bin İbrahim əs-Süleymi qeyd edib ki, Ər-Riyad Bakı ilə münasibətlərin inkişafına böyük önəm verir.
O, Səudiyyə Ərəbistanının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar mövqeyinin ardıcıl surətdə davam edəcəyini qeyd edib.*
F.İsazadə