Azərbaycan XİN ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, ATƏT Parlament Assambleyası və Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyasının 11 aprel tarixində keçirilmiş prezident seçkilərinin nəticələri ilə əlaqədar hazırladıqları ilkin hesabatı ədalətli və obyektiv hesab etmir.
“Bu gün müşahidə missiyasının nümayəndələri Xarici İşlər Nazirliyində qəbul olunub və məsələ ilə əlaqədar Azərbaycan tərəfinin qəti etirazı onlara çatdırılıb”, - XİN-nin mətbuat katibi Hikmət Hacıyevin bəyanatında qeyd olunur.
Onun sözlərinə görə, haqqında bəhs olunan ilkin hesabatda seçkilərin müşahidə edilməsi üzrə metodoloji və texniki yanaşmadan “çox subyektiv iddialar və qərəzli siyasi mülahizələr üstünlük təşkil edir”.
“Hesabatda seçkilərin məhdud siyasi mühit şəraitdə keçməsi barədə iddia tamamilə əsassızdır. Seçki öncəsi prosesdə qeydə alınmış namizədlərin azad və sərbəst şəkildə aktiv seçki kampaniyası aparması üçün bütün zəruri şərait yaradılıb. Azərbaycanda media tam azaddır”, - H.Hacıyev qeyd edib.
O bildirib ki, səsvermə prosesi seçki subyektlərinin və seçicilərin azad davranışı və yüksək fəallığı şəraitində və ümumən qanunvericiliyin tələblərinə uyğun olaraq keçib. “Bunun müqabilində hər hansı əsaslandırılmamış fakt ortaya qoymadan guya seçki günü məcburi prosedurlara riayyət edilməməsi, şəffaflığın olmaması və digər qüsurların olması barədə iddialar heç bir tənqidə sığmır. Biz ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosundan bu kimi faktlar varsa, onların təqdim edilməsini tələb edirik”, - H.Hacıyev bildirib.
XİN rəsmisi seçki günü hər hansı texniki xarakterli qüsurların və çatışmamazlıqların baş verməsi hallarını istisna etməyib. “Amma texniki qüsurların ümimiləşdirilməsi və bu kimi sıradan olan halların bütün seçki prosesinə şamil edilməsi mandatın aşılması və tamamilə qərəzli siyasi yanaşma kimi qiymətləndirilir”, - H.Hacıyev bəyan edib.
Onun sözlərinə görə, hesabatda çox sayda ziddiyyətli məqamlar var. “Məsələn, sənəddə bir yerdə beynəlxalq müşahidəçilərə yaradılmış şəraitə görə Azərbaycan hökumətinə təşəkkür ifadə olunduğu, Mərkəzi Seçki Komissiyasının peşəkar fəaliyyəti qeyd olunduğu halda, digər bir hissədə seçkilərin qeyri-şəffaf şəkildə keçirildiyini və ya prosedurlara riayyət edilmədiyini iddia olunur. Bu kimi hallar sənəddə kifayət qədərdir”, - H.Hacıyev vurğulayır.
O əlavə edib ki, qeyd olunan təşkilatların müşahidə missiyası tərəfindən sərgilənən bu cür mövqe azərbaycanlı seçicinin öz seçki hüququnu sərbəst ifadə etməsinə hörmətsizlikdir.
“Azərbaycanda keçirilən seçkilər ilk növbədə bizim vətəndaşlar üçün təşkil edilir. Prezident seçkiləri azad, demokratik, ədalətli və şəffaf şəkildə keçirilib”, - H.Hacıyev bəyan edib. **
F.İsazadə