Avropa İttifaqı (Aİ) prezident İlham Əliyevin yeni səlahiyyət müddətində Azərbaycanla dialoqun və sıx əməkdaşlığın davam etməsini gözləyir. Bu barədə Avropa Xarici Əlaqələr Xidmətinin yaydığı bəyanatda deyilir.
"Azərbaycanda prezident seçkiləri 2018-ci il aprelin 11-də keçirilib. Prezident İlham Əliyev dördüncü dəfə dövlət başçısı seçilib. Avropa İttifaqı prezidentin yeni səlahiyyət müddətində də Azərbaycanla dialoqun və sıx əməkdaşlığın davam etdiriləcəyinə ümidvardır", - deyə bəyanatda vurğulanıb.
Bəyanatda Azərbaycan hökumətinin fəaliyyətlərini sərbəst həyata keçirmiş beynəlxalq müşahidəçilərə müsbət münasibət göstərdiyi konstruktiv addım kimi qeyd olunub.
Avropa Xarici Əlaqələr Xidməti, həmçinin Azərbaycan tərəfinin ATƏT DTİHB-nin bu və əvvəlki seçkilərlə bağlı tövsiyələrini nəzərə alacağına ümidvar olduğunu və Aİ-nin bu prosesdə kömək etməyə hazır olduğunu diqqətə çatdırıb.*