2018-ci ilin birinci rübündə Azərbaycan əhalisi ticarət obyektlərindən 8 mlrd. 491,7 mln. manatlıq istehlak malları alıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 2,6% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Hesabat dövründə əhali tərəfindən ərzaq malları, içki və tütün məmulatlarının alınmasına 4 mlrd. 304,1 mln. manatdan artıq (2017-ci ilin yanvar-mart ayları ilə müqayisədə artım 2%), qeyri-ərzaq mallarının alınmasına 4 mlrd. 187,6 mln. manatdan artıq (artım 3%) sərf olunub.
Cari ilin yanvar-mart aylarında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 45,7%-i ərzaq məhsullarının, 5%-i içkilər və tütün məmulatlarının, 17,7%-i toxuculuq məhsulları, geyimlər və ayaqqabıların, 6%-i elektrik malları və mebellərin, 5,7%-i avtomobil yanacağının, 1,2%-i əczaçılıq və tibbi malların, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 146,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 142,6 manatlıq qeyri-ərzaq məhsulları alıb.**
N.Abbasova