ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT DTİHB) seçkiləri müşahidə missiyasının siyasi məsələlər üzrə köməkçisi Vüqar Əhmədov bəyan edib ki, seçkilərin nəticələrinə dair hesabat əvvəldən hazırlanmışdı.
O, bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, qurumun aprelin 11-də keçirilən prezident seçkiləri ilə bağlı qeyri-obyektiv və qərəzli mövqe ortaya qoyması ilə əlaqədar tutduğu vəzifədən istefa verib.
“Hesabat əvvəlcədən hazırlanmışdı, sadəcə, seçkilərdən sonra elan edildi”, - deyə V.Əhmədov qeyd edib.
Onun sözlərinə görə, Azərbaycana mənfi münasibət bəsləyən missiya rəhbərinin müavini Stefan Kraus onun tərtibatında fəal iştirak etmişdi. Xədicə İsmayıl, Emin Milli ATƏT DTİHB Müşahidə Missiyası ilə sıx əlaqədə olublar.
“Hesabatda ciddi qanun pozuntularına yol verildiyi iddia edilir. Mən seçki günü ofisdə idim. Seçki məntəqələrindən kütləvi, ciddi qanun pozuntuları ilə bağlı məlumat daxil olmamışdı. Xırda məqamlar qeydə alınmışdı ki, bu da seçkinin nəticələrinə təsir edəcək səviyyədə olmayıb. Bu hesabat tənqid də deyil, qarayaxma, qərəzdir. Təsadüfi deyil ki, missiyanın bəzi üzvləri də bu sənədə etiraz etdilər. Lakin onlar missiyadan kənarlaşdırıldılar və geri dönməyə məcbur oldular. Mən də bunların heç bir ilə barışmadığım üçün rəsmi şəkildə müşahidə missiyasının rəhbərinə müraciət etdim və missiyanı tərk etdim. Müşahidə missiyası anti-Azərbaycan mövqeyində olan, erməni dairələrinin maraqlarına xidmət edən insanların təsiri altında idi. İctimaiyyətə bizim hazırladığımız hesabat deyil, tamamilə başqa hesabat təqdim olundu", - deyə o vurğulayıb.
ATƏT-in baş ofisinə də etirazını rəsmi qaydada çatdıracağını açıqlayan V.Əhmədov ATƏT DTİHB müşahidə missiyasının yekun hesabatında obyektivliyin təmin olunacağına, əsassız və qərəzli iddiaların aradan qaldırılacağına ümid etdiyini vurğulayıb.*
F.İsazadə