ABŞ-ın Arizona Ştatının Senatı tərəfindən Azərbaycanın ərazi bütövlüyünə güclü dəstək ifadə edən bəyannamə qəbul edilib. Bu barədə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.
“Sənəd Senatın plenar iclasında Senat sədrinin müavini senator Con Kavana (John Kavanagh) tərəfindən oxunduqdan sonra yekdilliklə qəbul edilib”, - məlumatda deyilir.
Sənəddə Azərbaycanın öz müstəqilliyini bərpa etdikdən sonra ABŞ-ın ölkəmizi tanıyan və onunla diplomatik münasibətlər quran ilk dövlətlərdən biri olduğu qeyd edilir.
Bəyannamədə, həmçinin ölkəmizin 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra öz suverenliyini və müstəqilliyini gücləndirdiyi, dünyanın ən sürətlə inkişaf edən və çağdaşlaşan dövlətlərindən birinə çevrildiyi, bu gün regionun ən böyük iqtisadiyyata malik ölkəsi və ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğu vurğulanır.
Sənəddə ABŞ-ın Azərbaycan kimi müttəfiq dövlətlər ilə münasibətləri bundan sonra da gücləndirməsinin zəruriliyi vurğulanır.
Bəyannamə həmin gün Senat sədri və müavini tərəfindən Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevə təqdim edilib. **
F.İsazadə