Azərbaycanda prezident seçkiləri yüksək fəallıq şəraitində keçirilib. Bunu Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi, baş nazirin müavvini Əli Əhmədov deyib.
“Aprelin 11-də Azərbaycanda demokratik dəyərlərə və normalara əsaslanan prezident seçkiləri keçirilib. Bütün insanlar seçkilərin yüksək fəallıq şəraitində keçirildiyinin şahidi olublar”, - Ə.Əhmədov YAP-ın saytına ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun ilkin rəyini şərh edərkən bildirib.
Ə.Əhmədovun sözlərinə görə, Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin yenidən Azərbaycan Respublikasının prezidenti seçilməsi onun əvvəlki illərdə fəaliyyətinə xalqın yüksək qiymət verməsinin nəticəsi hesab olunmalıdır. O qeyd edib ki, partiya seçki kampaniyasını yüksək səviyyədə təşkil edib, yüzlərlə mitinq və görüş keçirərək, onun seçki proqramını seçicilərin diqqətinə çatdıra bilib.
“Səlahiyyətli nümayəndə və Yeni Azərbaycan Partiyasının icra katibi kimi təsdiq edə bilərəm ki, həm həyata keçirdiyimiz seçki kampaniyası, həm də bütünlükdə seçki prosesi demokratik normalara uyğun, ədalətli və tam şəffaf olub”, - Ə.Əhmədov vurğulayıb.
O əmindir ki, seçkilərdən sonra ölkədəki sakit ab-hava, seçkiləri müşahidə edən müşahidəçlərinin böyük əksəriyyətinin səsvermənin nəticələrini yüksək qiymətləndirməsi dediklərimin əyani sübutudur.
“ATƏT DTİHB ikili standartlardan xilas ola bilmir, hamının, o cümlədən beynəlxalq müşahidəçilərin əksəriyyətinin yüksək qiymətləndirdiyi prezident seçkilərinə qara yaxır”, - Ə.Əhmədov bəyan edib. **
F.İsazadə