Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkı (YTP) məhsullarının Azexport.az portalı ilə ixracını təşkil etməyi planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMEA-dan məlumat verilib.
Bu mövzu Yüksək Texnologiyalar Parkının direktoru Vüqar Babayev ilə Azexport.az portalının rəhbəri Zaur Qardaşov arasında müzakirə olunub.
Danışıqlar zamanı "Millers Oils" və "TSZ" markası altında istehsal edilən yağların "Azexport"da və beynəlxalq platformalarda marketinq və satışı məsələləri müzakirə olunub.
“Yerli istehsal olan yağlar keyfiyyət göstəricilərinə görə dünyanın ən aparıcı yağ markaları ilə rəqabət apara bilər. Məhsulların qiyməti də kifayət qədər rəqabətqabiliyyətli olduğundan, bu kateqoriyadan olan məhsulların xarici bazarlarda uğur qazanma ehtimalı çox yüksəkdir”, - deyə AMEA-da hesab edirlər.
Z.Qardaşovun sözlərinə görə, Azexport portalının araşdırmalarına görə, düzgün marketinq strategiyası nəticəsində yaxın illərdə xarici bazarlara 500 mln. dollar həcmində motor və sürtkü yağlarının ixrac edilə bilər.
AMEA YTP-nin yerli və beynəlxalq bazarlarda maraqlı olacaq digər məhsulu müxtəlif təyinatlı uçan dronlardır. Dronlar hazırda iqtisadiyyatın müxtəlif sahələrində istifadə edilir və onların dünyada illik bazarı orta hesabla 15-20% artır.*
B.Rüstəmbəyov