Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) müşahidəçi dövlət kimi üzv olmaq üçün ərizə verib. Bunu Çin Xalq Respublikasının sədri Si Cinpin deyib.
“Bu yaxınlarda Azərbaycan tərəfi Şanxay Əməkdaşlıq Təşkilatına müşahidəçi dövlət kimi üzv olmaq üçün ərizə verib. Çin tərəfi Azərbaycan tərəfinin ərizəsinə böyük əhəmiyyət verir və ŞƏT-in iştirakçısı olan digər ölkələrlə birlikdə onu vahid razılıq əsasında nəzərdən keçirəcək”, - deyə S.Cinpin yenidən prezident seçilməsi münasibətilə prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda bildirib.
O vurğulayıb ki, Çin ilə Azərbaycan əməkdaşlıq sahəsində ənənəvi dost tərəfdaşlardır. “Diplomatik münasibətlər qurulduqdan sonra hər iki tərəfin siyasi etimadı daim möhkəmlənir, bütün sahələrdə praqmatik əməkdaşlıq dərinləşir, iki ölkənin münasibətləri davamlı inkişaf edir. Mən Çin ilə Azərbaycan arasında münasibətlərin inkişafına böyük əhəmiyyət verirəm. Bütün sahələrdə əməkdaşlığı Sizin ilə birlikdə xalqlarımızın rifahı naminə yeni səviyyəyə yüksəltmək istəyirəm”, - deyə sədr qeyd edib.*
A.Əzizov