Beynəlxalq Sərgi Bürosunun (BIE) missiyası “EXPO 2025” sərgisinin Azərbaycanda keçirilməsi ilə əlaqədar təklifin dəyərləndirilməsinə başlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Gənclər və İdman Nazirliyindən məlumat verilib.
“Bazar ertəsi BIE missiyası Bakıya gəlib və aprelin 19-dək təklifimizi dəyərləndirəcək”, - nazirlikdən qeyd ediblər.
Öncə missiya Osaki və Yekaterinburqun təkliflərini dəyərləndirib.
Azərbaycan “EXPO 2025” beynəlxalq sərgisinin mayın 10-dan noyabrın 10-dək Bakıda keçirilməsi üçün müraciət edib. Azərbaycanın sərgi üçün təqdim etdiyi mövzu “İnsan kapitalının inkişaf etdirilməsi, daha yaxşı gələcəyin qurulması”dır.
Sərgini keçirmək üçün namizəd şəhərlər Bakı, Paris, Yekaterinburq və Osakadır.
Qalib 2018-ci ilin noyabrında BİE-nin 164-cü Baş Assambleyasında 170 üzv dövlətin səsverməsi ilə müəyyənləşəcək.
“Exposition Universelle” sərgisi hər 5 ildən bir təşkil olunur. Sonuncu “Exposition Universelle” 2015-ci ildə Milanda (İtaliya) təşkil olunub. Növbəti sərgi 2020-2021-ci illərdə Dubayda keçiriləcək.**
F.İsazadə