Prezident İlham Əliyev bəyan edib ki, Azərbaycan Qarabağ münaqişəsi tam həll olunanadək Ermənistana qarşı təcrid siyasətini davam etdirəcək.
"Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT-nin qətnamələri əsasında həll oluna bilər. Biz öz ərazilərimizdə ikinci erməni dövlətinin yaradılmasına yol verməyəcəyik. Bizim prinsipial siyasətimiz dəyişməz olaraq qalacaq. Biz münaqişə tam həll olunanadək Ermənistanın bütün regional layihələrdən təcrid siyasətini davam etdirəcəyik", - deyə dövlət başçısı bu gün andiçmə mərasimində bildirib.
O, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin heç bir ölkə tərəfindən tanınmayacağına əminlik ifadə edib.
Prezident vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyi ədalətlidir və beynəlxalq təşkilatlar tərəfindən dəstəklənir.
"Bizim siyasətimiz sayəsində Ermənistan bu gün dalan ölkəyə çevrilib. Biz bunun məqsədyönlü fəaliyyətimizin nəticəsi olduğunu gizlətmirik. Biz, həmçinin bütün dünyaya göstərmək istəyirik ki, bugünkü Ermənistan Azərbaycanın tarixi torpaqlarında yaradılıb. Bizim müvafiq sübutlarımız var", - deyə İ.Əliyev əlavə edib.
O, Ermənistanı işğal olunmuş torpaqlarda dini, mədəni və tarixi abidələri məhv etməkdə ittiham edib. "Biz torpaqlarımızn işğalı faktı ilə heç vaxt barışmayacağıq", - deyə prezident vurğulayıb.*
F.İsazadə