Azərbaycan müxtəlif islahatların aparılması və dərinləşməsini davam etdirəcək. Bunu prezident İlham Əliyev deyib.
“Azərbaycan ciddi islahatların həyata keçirilməsini davam etdirəcək və onları dərinləşdirəcək. Bu, iqtisadi islahatlara aiddir. Biz gələcək illərdə tam şəffaflığın təminatı üçün biznes mühitin yaxşılaşdırılması üzrə islahatları davam etdirəcəyik”, - İ.Əliyev bu gün andiçmə mərasimində bildirib.
Onun sözlərinə görə, Azərbaycanda iqtisadi və malyyə sabitliyi müşahidə olunur. “Böhrandan (2015-2016-cı illərdə - İF) minimum itkilərlə çıxmağa müvəffəq olduq”, - prezident vurğulayıb.
İ.Əliyev qeyd edib ki, bu islahatlar əhalinin rifahını yaxşılaşdırmağa, korrupsiya ilə mübarizə aparmağa imkan yaradacaq.
“Son 15 il ərzində Azərbaycan iqtisadiyyatı 3,2 dəfə artıb, bu çox böyük göstəricidir. Əlbəttə, bu cür artımın əsasında neft amili durur. Lakin, biz qeyri-neft sektorunun inkişafı məqsədilə islahatlar aparırıq və onları davam etdirəcəyik, bu da neft sahəsindən asılılığı azaltmağa şərait yaradacaq”, - dövlət başçısı bəyan edib.
O bildirib kii, son 15 il ərzində Azərbaycanın valyuta ehtiyatları 24 dəfə - $44 mlrd.-a qədər artıb. “Bu dövrdə Azərbaycan iqtisadiyyatına ümumi investisiyaların həcmi $230 mlrd. təşkil edib. Bizdə əlverişli biznes mühit yaradılıb, bu da gələcək illərdə xarici və daxili investisiyaların cəlb olunmasına şərait yaradır”, - prezident deyib.
Dövlət başçısı qeyd edib ki, hazırda ölkənin dövlət borcu aşağı səviyyədədir - ÜDM-in 20%-ni təşkil edir. “Lakin mən gələcək illərdə dövlət borcunu azaltmağı vəzifə qoymuşam”, - İ.Əliyev əlavə edib.
Prezident bildirib kii, müsbət demoqrafik tendensiya Azərbaycanda yeni iş yerlərinin yaradılmasını tələb edir. “Buna görə biz yeni texnoloji müəssisələrin yaradılmasına çalışmalıyıq”, - İ.Əliyev vurğulayıb. **
F.İsazadə