2018-ci ilin I rübündə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri 5,1% - $37 mlrd. 631,7 mln.-a qədər artıb. Bu barədə fondun məlumatında deyilir.
“Yanvar-mart aylarında ARDNF-in aktivləri 5,1% - $37 mlrd. 631,7 mln.-a qədər artıb. Aktivlər fondun büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər və investisiya portfelinin tərkib valyutalarının məzənnə dəyişkənliyi fərqi hesabına artıb“, - deyə məlumatda bildirilir.
Cari ilin I rübündə fondun gəlirləri 4 mlrd. 424,2 mln. manat, xərcləri 2 mlrd. 344,2 mln. manat təşkil edib.
ARDNF-in gəlirləri strukturunda mənfəət nefti və qazının satışından daxilolmalar 3 mlrd. 533 mln. manat, tranzit gəlirləri 5,1 mln. manat, bonus ödənişləri 765,2 mln. manat təşkil edib.
Bu dövrdə fondun vəsaitlərinin idarə olunmasından 120,9 mln. manat gəlir əldə edilib.
Məzənnə fərqindən əldə olunan büdəcədənkənar gəlirlər 779,9 mln. manat məbləğində olub.
2018-ci ilin yanvar-mart aylarında ARDNF-in xərcləri strukturunda ən çox məbləğ – 2 mlrd. 299 mln. manat dövlət büdcəsinə transfertlərin payına düşüb.
Hesabat dövrü ərzində qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 30,3 mln. manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 8,1 mln. manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 1,4 mln. manat vəsait ayrılıb. 0,5 mln. manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilib. 2018-ci ilin yanvar-mart aylarında fondun idarə edilməsi ilə bağlı xərcləri 4,9 mln. manat təşkil edib.*
A.Əzizov