Köhnəlmiş Çernobıl texnologiyası əsasında fəaliyyət göstərən “Metsamor” AES region üçün ciddi təhlükə mənbəyidir. Bunu Azərbaycanın xarici işlər naziri vəzifəsini icra edən Elmar Məmmədyarov Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukio Amano ilə görüşdə deyib.
“Köhnəlmiş Çernobıl texnologiyası əsasında fəaliyyət göstərən “Metsamor” AES bölgəmiz üçün, eləcə də nüvə və radioaktiv maddələrin qaçaqmalçılığı baxımından ciddi təhlükə mənbəyidir”, - deyə o bildirib.
E.Məmmədyarov nüvə təhlükəsizliyi konsepsiyası çərçivəsində Agentlik tərəfindən bu istiqamətdə zəruri addımların atılmasının vacibliyini qeyd edib.
Görüşdə beynəlxalq nüvə təhlükəsizliyi, dinc məqsədlərlə nüvə texnologiyasından istifadə edilməsi və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.*
B.Rüstəmbəyov