2018-ci ilin I rübündə Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə 8 mln. 258,6 min ton neft nəql edilib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 2,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Cari ilin yanvar-mart aylarında BTC ilə 8 mln. 258,6 min ton neft daşınıb ki, bu da hesabat dövrü ərzində Azərbaycanın magistral neft kəmərləri ilə nəql olunan neftin ümumi həcminin 81,6%-ni təşkil edir”, - deyə məlumatda bildirilir.
I rübdə BTC ilə tranzit neftinin nəqli 1 mln. 538,8 min ton təşkil edib ki, bu da 2017-ci ilin yanvar-mart aylarının göstəricisi ilə müqayisədə 0,5% azdır.
Xəbər verildiyi kimi, 2017-ci ildə BTC ilə 33 mln. 755 min ton neft, o cümlədən 6 mln. 432,4 min ton tranzit nefti nəql olunub.*
N.Abbasova