1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11 min manat (təxminən $6,5 min) məbləğində birdəfəlik ödəmə veriləcək.
Prezidentİlham Əliyev “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalayıb. Fərman bu gün dövlət başçısının saytında dərc olunub.
Hazırda şəhid ailələrinin maddi təminatı 1997-ci il avqustun 2-də qüvvəyə minmiş “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanunla tənzimlənir.
Beləliklə, dövlət başçısının fərmanı bu qanun qüvvəyə minənədək Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmə həyata keçirməyə imkan verir.*
F.İsazadə