2019-cu ildə Azərbaycan və Pakistan arasında JF-17 döyüş təyyarələrinin alqı-satqısına dair saziş imzalana bilər. Bunu “Pakistan Aeronautical Complex” şirkətinin (PAC) nümayəndəsi deyib.
« Azərbaycanın yaxından maraqlandığı Block III konfiqurasiyası artıq hazırlanıb. Təyyarəyə AESA radarı seçilib və bu radarla sınaqlarına başlanacaq. Bu qırıcıların alınmasına dair saziş 2019-cu ildə imzalana bilər. JF-17 Block III konfiqurasiyasının seriyalı istehsalı da 2019-cu ilin sonları, 2020-ci ilin əvvəllərinə nəzərdə tutulur», - deyə o, «AzeriDefence» saytına müsahibəsində bildirib.
Nümayəndənin sözlərinə görə, təyyarənin Azərbaycana satışına mane ola biləcək texniki məsələlər çözülüb. Bu ilin sonlarına doğru təyyarənin Azərbaycan və digər bir neçə ölkədən olan müştərilərə təqdimatının keçirilməsi planlaşdırılır. Azərbaycan tərəfi də maliyyələşmə ilə bağlı problemləri həll etməyə çalışır.
O, ilin sonuna qədər Azərbaycanın sifariş verdiyi “Super Mushshak” təlim təyyarəsinin hamısının təhvil veriləcəyini bildirib. Hazırda həmin təyyarələr istehsal edilib və zavod mütəxəssislərinin nəzarəti altında ilkin sınaqları keçirilir.*
F.İsazadə