Azərbaycan prezidenti İlham Əliyev və Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Oreşkin Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin realaşdırılması məsələsini müzakirə ediblər. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
İ.Əliyev aprelin 23-də Bakıda M.Oreşkini qəbul edib.
“Söhbət zamanı Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi, investisiya, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı”, - məlumatda deyilir.
Həmsöhbətlər ötən il, eləcə də bu ilin ilk rübünün nəticələrinə əsasən ticarət dövriyyəsinin artmasını iqtisadi əlaqələrin genişlənməsinin yaxşı göstəricisi kimi dəyərləndiriblər.
İ.Əliyev iqtisadi əlaqələrin bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə etdi.
Həmçinin M.Oreşkin prezident seçkilərində qələbəsi münasibətilə İ.Əliyevi təbrik edib. **
F.İsazadə