Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov qeyd edir ki, ABŞ Dövlət Departamentinin Azərbaycanın ictimai-siyasi həyatında baş verən hadisələrə münasibəti tendensioz xarakter daşıyır.
“Dövlət Departamentinin Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş verən hadisələrə münasibəti həmişə olduğu kimi yenə də tendensioz xarakter daşıyıb”, - Ə.Həsənov ABŞ Dövlət Departamentinin 2017-ci ildə dünya ölkələrində insan haqlarının durumuna dair illik hesabatını şərh edərkən qeyd edib.
Onun sözlərinə görə, hesabatın hazırlanma metodologiyası hər məsələyə dair konkret bir, bəzi hallarda isə bir neçə faktın konstatasiyası, onların müəyyən siyasi dairələrin maraqlarına uyğun, qərəzli şəkildə təsviri, müvafiq nəticənin hasil edilməsi və bütün sahə üzrə ümumiləşdirilməsi prinsipi üzərində qurulub.
“Belə yanaşma, habelə mənbələrin göstərilməməsi, bir qayda olaraq “eksperlər”, “fəallar”, “QHT təmsilçiləri” və bu kimi müəmmalı “mənbələrə” “istinad edilməsi” hesabatın obyektivliyini və şəffaflığını ciddi şübhə altına alır”, - o vurğulayıb.
Ə.Həsənov qeyd edib ki, 2018-ci il aprelin 11-də keçirilmiş prezident seçkiləri Azərbaycanın ictimai-siyasi həyatında seçki mədəniyyətinin qənaətbəxş səviyyədə olduğunu təsdiq etməklə yanaşı, həm də partiyaların siyasi proseslərdə iştirak səviyyəsini əyani şəkildə göstərdi.
“Avropa və Amerikada olduğu kimi, Azərbaycanda da marginallaşmış siyasi qruplar cəmiyyət tərəfindən inkar edilir, öz ambisiyalarını reallaşdırmaq imkanlarını getdikcə itirir. Bu, Azərbaycanda siyasi sistemin çatışmazlığı deyil, əksinə, cəmiyyət həyatında təhlükəsizliyi, sabitliyi, tolerantlığı təmin edən mühüm üstünlükdür. Təəssüf ki, Dövlət Departamentinin hesabatında bu kimi məsələlər də tərs-mütənasib təsvir olunur və arzuolunmaz nəticələr hasil edilir”, - o bildirib.
O ki qaldı hesabatda “siyasi məhbuslar”, “təzyiqlər”, “həbslər” və digər bu kimi iddialara, hesab edirik ki, Qərb ölkələrində bu kimi faktlar daha çoxdur. Həmin faktlar Dövlət Departamenti tərəfindən eyni metodologiya əsasında şərh olunarsa, hansı nəticələrin ortaya çıxacağını təsəvvür edə bilərik", - Ə.Həsənov vurğulayıb. **
F.İsazadə