Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) 2018-ci ilin I rübündə 4 mlrd. 70,9 mln. manat məbləğində qiymətli kağızların buraxılışını dövlət qeydiyyatına alıb. Bu barədə palatanın materiallarında qeyd olunur.
Bu ilin yanvar-mart aylarında MBNP 13 emitent tərəfindən 456,9 mln. manatlıq səhmlərin buraxılışını qeydiyyata alıb.
Səhmlərin 317 mln. manatlıq 4 buraxılışı banklar, 4,6 mln. manatlıq 1 buraxılışı sığorta şirkəti, 135,3 mln. manatlıq 8 buraxılışı isə digər təşkilatlar tərəfindən həyata keçirilib.
Bundan başqa, I rübdə 8 emitent tərəfindən 14 mln. manat məbləğində korporativ istiqrazlar qeydiyyata alınıb. Kredit təşkilatları tərəfindən 1 mln. manat, digər təşkilatlar tərəfindən 13 mln. manat məbləğində istiqrazların buraxılışı qeydiyyata alınıb.
Yanvar-mart aylarında 3 mlrd. 250 mln. manat məbləğində dövlət qiymətli kağızlarının dövlət qeydiyyatı həyata keçirilib.*
A.Əzizov