“SOCAR Methanol” MMC istehsal olunan məhsulların çeşidini genişləndirmək imkanını öyrənir. Bunu MMC-nin baş direktoru Elnur Mustafayev deyib.
“Hazırda “SOCAR Methanol” zavodunda texniki və analitik metanol istehsal olunur. Biz qısamüddətli perspektivdə əlavə dəyər yaratmaq məqsədilə istehsal olunan məhsulların çeşidin genişləndirmək istəyirik. Xüsusilə, söhbət formaldehid və motor yanacağı qismində metanol istehsalından gedir”, - E.Mustafayev çərşənbə günü Bakıda keçirilən "Xəzərin və Mərkəzi Asiyanın Neft emalı və neft-kimyası-layihələrin həyata keçirilməsi və texniki həllər" adlı konfransda bildirib.
Onun sözlərinə görə, motor yanacağı kimi metanol avtomobil və gəmilər üçün istifadə oluna bilər.
“2020-ci ildən etibarən gəmilərin atmosferə zərərli maddə tullantılarının azalmasını tənzimləyən məhdudiyyətlər qüvvəyə minir. Həmin məhdudiyyətlər dizel yanacağı ilə çalışan gəmilərə aiddir. Bununla əlaqədar dizel yanacağı qismində metanola keçid daha məqsədəuyğundur və mühərrikin metanola uyğun dəyişdirilməsi LNG üçün dəyişmədən daha az vəsait tələb edir”, - E.Mustafayev vurğulayıb.
O qeyd edib ki, həmçinin zavodda formaldehid istehsalı imkanları öyrənilir və bu layihənin texniki-qitisadi əsaslandırılmasının hazırlanması üzrə danışıqlar aparılır. “2018-ci il ərzində bu istiqamətdə konkret nəticələr əldə etməyi gözləyirik”, - baş direktor bəyan edib.
E.Mustafayev əlavə edib ki, söhbət asan daşınıla bilən formaldehid (paraform) istehsalından gedir. **
N.Abbasova