Azərbaycan Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istəyir. Bunu Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev deyib.
«Biz problemi diplomatik, danışıqlar yolu ilə həll etmək istəyirik, çünki müharibə istər-istəməz insan tələfatı ilə bağlıdır. Azərbaycan 15 il ərzində çox inkişaf edib, böyük uğurlar qazanıb. Prezident İlham Əliyevin məqsədi də bundan ibarətdir ki, məsələ danışıqlar, diplomatik yolla həll olunsun", - deyə o, ATV telekanalına müsahibəsində bldirib.
Administrasiya rəhbərinin sözlərinə görə, danışıqlar iflasa uğrayarsa, problemi müharibə yolu ilə həll etmək lazım gələcək. "Bizim başqa yolumuz yoxdur – biz sərhədlərimizi bərpa etməliyik və buna görə də məcburuq ki, problemi müharibə yolu ilə həll edərək torpaqlarımızı geri qaytaraq”, - deyə R.Mehdiyev qeyd edib.
O əlavə edib ki, Ermənistan tərəfinin uzaq planları var. "Və bu plan onların “dənizdən dənizə böyük dövlət” yaratmaq istəyindən ibarətdir. Bu, çox səhv ideyadır və onlar buna heç vaxt nail ola bilməyəcəklər. Amma onlar bu ideya ilə yaşayırlar və onun başında da kilsə dayanıb”, - deyə administrasiya rəhbəri vurğulayıb.
O deyib ki, Azərbaycan Ermənistan tərəfinin bu cəhdlərinin qarşısını almaq üçün bundan sonra da güclü olmalıdır.*
A.Əzizov