“Azərikimya” İstehsalat Birliyinin “Etilen-polietilen” zavodunun modernləşdirilməsi və yenidənqurulması 2020-ci ilin I rübündə başa çatacaq. Bunu İB-nin investisiya və inkişaf üzrə icraçı direktorunun müavini Orxan Cəfərov deyib.
“2017-ci ildə modernləşdirilmə və yenidənqurulma layihəsi çərçivəsində zavodda ilk qurğular istifadəyə verilib. 2018-2019-cu illərdə zavodda mövcud qurğuların yenidənqurulması və yenilərin tikintisi üzrə işlər davam etdiriləcək. Layihə tam başa çatdıqdan sonra 2020-ci ilin I rübündə müəssisənin bütövlükdə istifadəyə verilməsi gözlənilir”, - O.Cəfərov Bakıda keçirilən "Xəzərin və Mərkəzi Asiyanın neft emalı və neft-kimyası - layihələrin həyata keçirilməsi və texniki həllər" adlı konfransda bildirib.
O həmçinin məlumat verib ki, layihə çərçivəsində alınan bütün zəruri avadanlıq və materiallar cari ilin sentyabr ayına kimi çatdırılacaq.
O.Cəfərovun sözlərinə görə, cari il aprel ayına qədər “Etilen-polietilen” zavodunun modernləşdirilməsi və yenidənqurulması layihəsi çərçivəsində işlərin ümumilikdə 33,5%-i icra olunub. Bununla belə, injinirinq üzrə işlərin 88,3%-i, alınmalar üzrə - 45,9%-i, tikinti üzrə 13,7%-i yerinə yetirilib. **
N.Abbasova