"Azərenerji" Açıq Səhmdar Cəmiyyəti 2018-ci ildə Bakı və regionlarda yeni elektrik stansiyaları istismara verməyi planlaşdırır. Bunu ASC-nin prezidenti Etibar Pirverdiyev deyib.
“Gücü 424 MVt-a çatdırılmış Mingəçevir su elektrik stansiyasının 2018-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur. 2011-ci il 21 sentyabr tarixində Bakı şəhərində 409 MVt gücündə "Şimal-2" elektrik stansiyasının təməli qoyulub. Artıq burada son tamamlama işləri aparılır və stansiyanın cari ildə istismara verilməsi gözlənilir”, - E.Pirverdiyev “Yeni Azərbaycan Partiyası”nın saytına müsahibəsində bildirib.
Onun sözlərinə görə,Lerik rayonunda tikilən 16,5 MVt gücündə elektrik stansiyası da 2018-ci ildə istismara veriləcək.Cari ildə bu qəbildən olan "Astara-1", "Oğuz-1", "Oğuz-2" və "Oğuz-3" kiçik su elektrik stansiyalarının istifadəyə verilməsi nəzərdə tutulur.
“Hazırda respublikanın elektroenergetik sistemində ümumi gücü 6000 MVt-dan artıq olan 38 elektrik stansiyası fəaliyyət göstərir. Onlardan 16-sı istilik elektrik stansiyası, 12-si su elektrik stansiyası, 6-sı kiçik su elektrik stansiyası, 1-i hibrid tipli elektrik stansiyası və 3-ü günəş elektrik stansiyasıdır”, - E.Pirverdiyev qeyd edib. **
N.Abbasova