2018-ci ilin birinci rübündə Azərbaycan ixrac olunan müdafiə təyinatlı məhsulun həcmini iki dəfə artırıb. Bunu müdafiə sənayesi naziri Yavər Camalov deyib.
“İstehsal olunan məmulatlardan döyüş sursatları, müasir atıcı silahlar və artilleriya silahları, pilotsuz uçuş aparatları, zirehli texnikalar və digər müdafiə təyinatlı məmulatlar 10-dan çox ölkəyə ixrac olunur. İxrac olunan məhsulun həcmi 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə artıb”, - Y.Camalov Müdafiə Sənayesi Nazirliyində 2018-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş kollegiyada bildirib.
Nazirin sözlərinə görə, 2018-ci ilin yanvar-mart aylarında istehsal olunan məhsulun 89%-ni müdafiə və xüsusi təyinatlı, 11%-ni isə mülki təyinatlı məmulatlar təşkil edir.
“İstehsalı mənimsənilmiş müdafiə təyinatlı məmulatların çeşid sayı 1,2 minə çatdırılıb”, - Y.Camalov qeyd edib. **
F.İsazadə