Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi Dövlət Sərhəd Xidmətinin yeni xüsusi təyinatlı döyüş texnikası və zərbəendirici pilotsuz uçan aparatlarına baxış keçirib.
İ.Əliyev Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində olub. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Prezident yeni xüsusi təyinatlı döyüş texnikasına, raket komplekslərinə, zərbəendirici pilotsuz uçan aparatlarına, silahlara, nəqliyyat vasitələri üzərində texniki-nəzarət stansiyalarına, idarəetmə və digər təyinatlı avadanlıqlara baxış keçirib”, - məlumatda qeyd olunur.
O cümlədən, İ.Əliyev yeni inşa edilmiş “Tufan” tipli sərhəd gözətçi gəmisi ilə tanış olub.
DSX-nin rəisi Elçin Quliyev İ.Əliyevə məruzəsində qeyd etdi ki, gəmi yeni gəmi mükəmməl naviqasiya və rabitə-radiotexnika avadanlığı, müasir silahlar, o cümlədən raketlər və raket silahlarına qarşı mübarizə kompleksi, gecə-gündüz görmə müşahidə sistemləri və hidroakustik qurğu ilə təchiz edilib.
Bundan başqa, E.Quliyevin sözlərinə görə, itisürətli qayıqla təchiz edilmiş və 62 metr uzunluğunda olan sərhəd gözətçi gəmisinin dəniz şəraitində göyərtəsinə helikopterin enməsi mümkündür.
O bildirdi ki, yeni gəmidən dövlət sərhədlərinin mühafizəsi, sərhəd sularında rejimin təmin olunması, karbohidrogen ehtiyatlarının hasilatı və nəqli infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi istiqamətində xidməti vəzifələrin icrası zamanı istifadə ediləcək. **
F.İsazadə