Bu gün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) arasında korrupsiya ilə mübarizə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin verdiyi xəbərə görə, memorandumu Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev və Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli imzalayıblar.
“Sənədin imzalanmasında məqsəd ölkədə qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində islahatların aparılması zamanı korrupsiya və rüşvətxorluq faktlarının qarşısının alınmasından ibarətdir”, - deyə Q.Təhməzli bildirib.
Onun sözlərinə görə, son günlər ölkə rəhbərliyi tərəfindən agentliyin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində qəbul edilmiş qərarlar sahibkarlığın inkişafına və əhalinin sağlamlığının təmin edilməsinə kömək edəcək.*
F.İsazadə