Azərbaycan və San Marino Respublikasının xarici işlər nazirləri Elmar Məmmədyarov və Nikola Renzi ticarət əlaqələrinin genişləndirilməsi məsələsini müzakirə ediblər.
XİN-in məlumatına görə, bu gün E.Məmmədyarov Bakıda N.Renzinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
“Tərəflər Azərbaycan və San Marino arasında ticarət əlaqələrinin iki ölkənin potensialına uyğun olmadığını qeyd edərək, bunun daha da dərinləşdirilməsi imkanları ətrafında fikir mübadiləsi apardılar”, - XİN-dən qeyd olunub.
Bu məqsədlə nazirlər iqtisadi-ticarət əlaqələrinin təşviq edilməsi üçün iki ölkənin biznes dairələri arasında birbaşa təmasların yaradılmasının və biznes forumların keçirilməsinin vacibliyini vurğuladılar.
Bundan əlavə, E.Məmmədyarov və N.Renzi kənd təsərrüfatı, humanitar, turizm, idman və digər sahələrdə əməkdaşlıq imkanları barəsində fikir mübadiləsi apardılar.
E.Məmmədyarov həmkarına Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi haqda geniş məlumat verib.
“Nazir münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməli olduğunu diqqətə çatdırdı”, - məlumatda deyilir.**
F.İsazadə