Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu "Exo Moskvı" radiostansiyasının efirində yayımlanan, aparıcı Yuliya Latıninanın müəllifi olduğu "Kod Dostupa" verilişində azərbaycanlıları təhqir etməsi ilə əlaqədar üzr istəməyi tələb edib.
Bununla əlaqədar P.Bülbüloğlu "Exo Moskvı" radiosunun baş redaktoru Aleksey Venediktova məktub ünvanlayıb.
“Təəssüflə qeyd etməliyəm ki, Y. Latıninanın növbəti dəfə məhdud tarixi biliklərini və ermənilərə simpatiyasını göstərərək tarixi faktları təhrif edərək, işğalçını qurban, hərbi cinayətkar olanSerj Sarkisyan və ətrafını isə qəhrəman kimi təqdim edərək, yüz il ərzində işğal, soyqırım, etnik təmizləmə kimi beynəlxalq cinayətlərdən əziyyət çəkən Azərbaycan xalqını bütün günahlarda ittiham edib”, - səfir məktubunda vurğulayıb.
“Y.Latınina auditoriyaya müraciətində Azərbaycan cəmiyyətini "ruhən xəstə" adlandıraraq bütün Azərbaycan xalqına qarşı məsuliyyətsiz, əxlaqsız və alçaldıcı ifadələr işlədib”, - səfir bildirib.
“Mövcud vəziyyəti diqqətinizə çatdıraraq sizdən Rusiya Federasiyasının "Kütləvi İnformasiya Vasitələri haqqında" qanunu çərçivəsində lazımi tədbirləri görməyi, redaksiya tərəfindən müvafiq təkzibin yayılmasını və bütün Azərbaycan xalqından üzr istənilməsini xahiş edirəm”, - P.Bülbüloğlunun məktubunda qeyd olunur.
Azərbaycan səfirnin məktubunun tam mətni ilə http://moscow.mfa.gov.az/news/4/3131 saytında tanış olmaq mümkündür. **
F.İsazadə