Baş nazir Novruz Məmmədov Azərbaycanla ABŞ arasında qarşılıqlı əlaqələri “çox yaxşı” adlandırıb.
Cümə axşamı N.Məmmədov Bakıda Robert Qudlatın rəhbərliyi ilə ABŞ Konqresinin Nümayəndələr Palatasının nümayəndə heyətini qəbul edib. Bu barədə rəsmi mətbuat məlumat verir.
“Müstəqil Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında çox yaxşı əlaqələr var. Bir sıra həssas sahələrdə isə çox möhkəm və sıx əməkdaşlıq mövcuddur”, - mətbuat N.Məmmədovun sözlərindən sitat gətirir.
Baş nazir qeyd edib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Amerika Birləşmiş Ştatları və Avropa İttifaqı ilə əlaqələrin genişləndirilməsinə xüsusi önəm verib.
Həmçinin görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunulub. N.Məmmədov vurğulayıb ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən münaqişənin hələ də həllini tapmayıb.
Öz növbəsində R.Qudlat Azərbaycanla ABŞ arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb, bu əməkdaşlığın gələcəkdə də davam etdirilməsinin vacibliyini bildirib.
Onun sözlərinə görə, Azərbaycan ilə əməkdaşlıq Amerika Birləşmiş Ştatları üçün dəyərlidir.
O cümlədən, tərəflər iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar. **
F.İsazadə