2019-cu ildə GUAMDemokratiya və İqtisadi İnkişaf naminə Təşkilatın üzv ölkələrinin sammiti keçirilə bilər. Bu barədə təşkilatın baş katibi Altay Əfəndiyev bəyan edib.
“Cari ilin iyun ayında GUAM-a üzv olan ölkələrin baş nazirləri Kişineuda görüşəcəklər. 2019-cu ildə Ukraynanın sədrliyi ilə dövlət və hökumət başçılarının sammiti üçün şərait var. Dialoqun intensivləşməsinə tələbat var”, - A.Əfəndiyev Ukraynanın «Главком» informasiya agentliyinə müsahibəsində məlumat verib.
O qeyd edib ki, 2008-ci ildən etibarən GUAM-a üzv olan ölkələrinin dövlət başçılarının sammiti keçirilməyib.
“Etiraf edim ki, 2008-ci ildən, Rusiya-Gürcüstan müharibəsindən sonra GUAM-ın fəaliyyətində zəifləmə müşahidə olunub. Elə hərbi əməliyyatlar öncəsi Batumidə təşkilata üzv dövlətlərin başçılarının sammiti keçirilib. Artıq 10 ildir ki, GUAM-a üzv olan ölkələrin prezidentləri bir araya gəlməyib”, - A.Əfəndiyev vurğulayıb.
Hazırda Azərbaycan, Ukrayna, Gürcüstan və Moldova GUAM-a üzvdür. *
F.İsazadə