2018-ci ilin I rübündə Azərbaycanda yol hərəkəti qaydaları pozuntusuna görə 14,2 mln. manat cərimə tətbiq edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
«Yanvar-mart aylarında 14,2 mln. manat (2017-ci ilin I rübündə 15,1 mln. manat – İF) cərimə tətbiq edilib», - deyə məlumatda qeyd olunur.
Hesabat dövründə yol hərəkəti qaydaları əleyhinə 786,2 min inzibati xəta (artım 5,1%) aşkarlanıb.
«Xətaların 50,1%-i yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması, 13,2%-i yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 12,6%-i dayanma və ya durma qaydalarının pozulması, 10,4%-i svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, 2,6%-i təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb», - deyə məlumatda bildirilir.
I rübdə yol-nəqliyyat hadisələrinin sayı 7,6% - 376-dək, zərərçəkənlərin sayı isə 11,9% - 505 nəfərədək azalıb.
376 yol qəzasında 343 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb, 162 nəfər isə ölüb.
Yol-nəqliyyat hadisələrinin çox hissəsi (91,8%) yaşayış məntəqələrində baş verib. Nəticədə 136 nəfər ölüb, 328 nəfər xəsarət alıb. 2017-ci ilin I rübü ilə müqayisədə ölənlərin sayı 14,3% artıb, yaralananların sayı isə 15% azalıb.
Bütün yol-nəqliyyat hadisələrinin 53,2%-i nəqliyyat vasitələrinin və piyadaların iştirakı ilə baş verib.
Sərxoş sürücülərin törətdiyi 11 qəza nəticəsində 8 nəfər ölüb, 8 nəfər isə yaralanıb.
Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 80,9%-ni, yaralananların isə 79%-ni kişilər təşkil edib.
Yol-nəqliyyat hadisələrinin 35,1%-i gündüz, 37,2%-i gecə, 26,3%-i isə istirahət günlərində baş verib.*
F.İsazadə