Ukrayna Xəzər və Qara dəniz regionunda reallaşdırılan regional nəqliyyat və enerji layihələrindən yararlana bilər. Bunu Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov bəyan edib.
Cümə axşamı Bakıda Azərbaycanın və Ukraynanın Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. XİN-in məlumatına görə, siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Xələf Xələfov, Ukrayna tərəfindən isə xarici işlər nazirinin müavini Vasiliy Bodnar rəhbərlik edib.
X.Xələfov Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Şimal-Cənub, Şərq-Qərb və Cənub-Qərb nəqliyyat marşrutları, habelə TAP və TANAP kimi enerji layihələri haqqında həmsöhbətinə məlumat verib.
“Ukrayna sözügedən layihələrdən yararlana bilər”, - XİN X.Xələfovun sözlərindən sitat gətirir.
O həmçinin Azərbaycan və Ukraynanın işgüzar dairələri arasında birbaşa təmasların yaradılmasının qarşılıqlı investisiyaların təşviqi baxımından əhəmiyyətini vurğulayıb.
X.Xələfovun sözlərinə görə, Bakı və Kiyev arasında iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş potensial var.
Həmsöhbətlıər həmçinin elm, təhsil, turizm sahələrində əməkdaşlıq məsələlərinə toxunublar.
Bundan əlavə, X.Xələfov və V.Bodnar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesi barədə fikir mübadiləsi aparıblar. **
F.İsazadə