ABŞ-ın Pitsburq şəhərinin meri Uilyam Peduto 2018-ci il mayın 28-ni Pitsburqda “Azərbaycan Günü” elan edib.
“Mer U.Peduto Azərbaycan Demokratik Respublikasının 100-cü ildönümü ilə əlaqədar rəsmi bəyanat verib. O, 2018-ci il mayın 28-ni Pitsburqda “Azərbaycan Günü” elan edib və şəhər sakinlərini bu günü qeyd etməyə çağırıb”, - deyə Azərbaycanın ABŞ-dakı səfirliyinin məlumatında bildirilir.
Bəyanatda qeyd edilir ki, Azərbaycan son 25 il ərzində öz suverenlik və müstəqilliyini möhkəmləndirib və hazırda Xəzər regionunda ABŞ-ın müttəfiqi və strateji tərəfdaşıdır.
Eyni zamanda, sənəddə Azərbaycan Demokratik Respublikasının öz müstəqilliyi uğrunda mübarizə aparmasına baxmayaraq, 1920-ci ildə keçmiş Sovetlər Birliyinin tərkibinə daxil edildiyi və 1991-ci ildə yenidən öz müstəqilliyini bərpa etdiyi vurğulanır.
Sənəddə qeyd edilir ki, Azərbaycan Demokratik Respublikası 1918-ci il mayın 28-də müsəlman şərqində qurulmuş ilk dünyəvi parlamentli respublika olub və dünyanın digər demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanınıb. Azərbaycan Demokratik Respublikası irqi, cinsi, etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarına bərabər seçki hüququnu tanımaqla yanaşı, müsəlman dünyasında ilk dəfə olaraq qadınlara seçki hüququnun verilməsini təmin edib.*
F.İsazadə