“SOCAR GPC” şirkəti 2018-ci ilin sonu – 2019-cu ilin əvvəlində Bakının Qaradağ rayonunda qaz emalı və polimer komplesinin (GPC) tikintisinə başlamağı planlaşdırır. Bu barədə “Sulaco Consulting&Engineering Co” şirkətinin nümayəndəsi İslam Məmmədov məlumat verib.
"Kompleksin tikintisi üçün Səngəçal qəsəbəsi yaxınlığında 305 ha ərazi seçilib və 250 ha tikinti işləri üçün nəzərdə tutulub. Bu ərazidə geofiziki, seysmoloji və bir sıra digər tədqiqat işləri aparılıb və sözügedən layihənin reallaşdırılması üçün məqsədəuyğun hesab edilir. Tikinti işlərinə 2018-ci ilin sonu – 2019-cu ilin əvvəlində başlanılması planlaşdırılır", - deyə o, bu gün layihənin ətraf və sosial mühitə təsirinin qiymətləndirilməsinə həsr olunmuş ictimai dinləmələrdə bildirib.
Nümayəndənin sözlərinə görə, kompleksin tikintisi dövründə 15 min nəfər, istismar dövründə isə 2 min nəfər işlə təmin olunacaq.
İ.Məmmədov qeyd edib ki, ətraf və sosial mühitə təsirin qiymətləndirilməsinə dair hesabat “SOCAR GPC” şirkətinin sifarişi ilə “Golder” və “Sulaco Consulting&Engineering Co” şirkətləri tərəfindən hazırlanıb.
Yeni kompleksin illik gücü 9,1 mlrd. kubmetr həcmində nəzərdə tutulub. Kompleksdə, həmçinin ildə 130 min ton propilen, 42 min ton benzol, 25 min ton benzin və 600 min ton aşağı və yüksək sıxlıqlı polietilen istehsal olunacaq. Bundan başqa, daxili istifadə üçün ildə 32 min ton buten-1, 21 min ton heksen-1 istehsalı planlaşdırılır".
Şirkət yeni müəssisənin inşasında “Technip”, “Axens”, “Sinopec Tech” və “Univation” şirkətlərinin ən qabaqcıl texnologiyalarından istifadə edəcək.*
N.Abbasova