Milli Məclisin bu gün keçirilən plenar iclasında deputatların maaşının 10% artırılmasını nəzərdə tutan dəyişiklik layihəsi qəbul edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri xəbər verir.
Qəbul edilmiş sənədə əsasən, 1 may 2018-ci il tarixindən etibarən deputatların əməkhaqqı 1,732 min manat ($1 mindən bir qədər çox) təşkil edəcək. Hazırda bu məbləğ 1,575 min manatdır.
Milli Məclis sədri 2,475 min manat, sədrin I müavini 2,227 min manat, Milli Məclis sədrinin müavini 2,103 min manat, Milli Məclisin komitə sədri 1,980 min manat, komitə sədrinin müavini 1,856 min manat maaş alacaq.
Bundan başqa, ombudsmanın maaşı da 10% - 2,23 min manatadək artırılıb.
Mayın 1-dən Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı 2,335 min manat (hazırda 2,120 min manat), müxtəlif səviyyəli məhkəmələrin sədrləri 2,28 min manat (hazırda 2,07 min manat) həcmində maaş alacaq.
Müzakirələr zamanı deputat Qüdrət Həsənquliyev deputatların maaşının 8 min manatadək, spikerin maaşının isə 10 min manatadək artırılmasını təklif edib.*
F.İsazadə