2017-ci ildə Azərbaycanda insan alveri ilə əlaqədar 26 fakt aşkarlanıb. Bunu İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazov deyib.
“2017-ci ildə insan alveri, məcburi əmək cinayəti, habelə insan alveri məqsədi ilə sənədlərlə qanunsuz hərəkətlər ilə əlaqədar 26 fakt aşkarlanıb”, - V.Eyvazov Milli Məclisin bu gün keçirilən plenar iclasında2017-ci il üzrə illik məlumatı açıqlayarkən bildirib.
Onun sözlərinə görə, ötən il respublikada 17 nəfərdən ibarət insan alveri ilə məşğul olan 8 cinayətkar qrup zərərsizləşdirilib.
V.Eyvazov qeyd edib ki, İnsan Alveri və məcburi əmək faktlarına görə başlanmış cinayət işlərində 28-nin istintaqı tamamlanaraq 33 şəxs məhkəmə məsuliyyətinə verilib.Onlardan 29-u barəsində ittiham hökmləri çıxarılıb.
“Həmin cinayətlərin qurbanı olan 71 nəfər, o cümlədən 66 qadın və 5 kişi müəyyən edilib”, - o vurğulayıb.
V.Eyvazov bildirib ki, 68 qurban sosial xidmətlərin həyata keçirilməsinin təmin edilməsi məqsədilə qeyri-hökumət təşkilatlarına və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında İnsan alveri qurbanları üçün Yardım Mərkəzinə istiqamətləndirilib. “İnsan alveri qurbanlarının 65-i müvəqqəti sığınacağa yerləşdirilərək tibbi, psixoloji, hüquqi yardımlarla əhatə olunub”, - Milli koordinator qeyd edib.
V.Eyvazovun hesabatı deputatların səs çoxluğu ilə qəbul olunub. **
F.İsazadə