«Azərxalça» ASC 2018-ci ilin sonunadək Naxçıvan, Bərdə, Qobustan, Sabirabad və Şabranda 5 yun tədarükü məntəqəsinin tikintisini başa çatdırmağı planlaşdırır. Bu barədə cəmiyyətin İdarə Heyətinin sədri Vidadi Muradov məlumat verib.
"Bölgələrdə yun və boyaq bitkilərinin tədarükü məntəqəsinin də tikintisinə start verilib. Bu ilin sonunadək Naxçıvan, Bərdə, Qobustan, Sabirabad və Şabranda belə məntəqələrin inşasının başa çatacağı gözlənilir”, - deyə o, rəsmi mətbuatda dərc olunmuş məqaləsində bildirib.
Sədr vurğulayıb ki, yun və boyaq bitkilərinin tədarükü məntəqələri Sumqayıt Kimya Sənaye Parkı ərazisində tikilən Əyirici-Boyaq Fabrikini xammalla təmin edəcək. Fabrikdə ildə 370 ton iplik və 195 ton təmiz yun istehsalı nəzərdə tutulur. Fabrik İtaliya, Fransa və Türkiyə texnologiyası ilə fəaliyyət göstərəcək.Fabrikdə, həmçinin boya prosesi də həyata keçiriləcək.
V.Muradov əlavə edib ki, fabrikin işə salınması idxaldan asılılığı azaldacaq.
“Azərxalça” ASC prezident İlham Əliyevin 5 may 2016-cı il tarixli sərəncamı ilə yaradılıb. Hazırda ölkədə cəmiyyətin 10 filialı (emalatxanası) fəaliyyət göstərir. 2019-cu ilədək filialların sayı 20-yə, 2020-ci ilədək 30-a çatacaq.*
B.Rüstəmbəyov