Azərbaycan, Türkiyə və Ukrayna Xarici İşlər Nazirlikləri arasında birinci üçtərəfli siyasi məsləhətləşmələr keçirilib
Cümə günü Bakıda Azərbaycan, Türkiyə və Ukrayna Xarici İşlər Nazirlikləri arasında birinci üçtərəfli siyasi məsləhətləşmələr keçirilib.Bu barədə XİN-dən məlumat verilib.
“Siyasi məsləhətləşmələrə Azərbaycan, Türkiyə və Ukrayna xarici işlər nazirlərinin müavinləri Xələf Xələfov, Ümit Yardım və Vasiliy Bodnar rəhbərlik etdi”, - məlumatda deyilir.
Görüşdə nazir müavinləri ikitərəfli əsasda “üç ölkə arasındakı münasibətlərin mövcud səviyyəsi yüksək qiymətləndirildi və üçtərəfli formatda siyasi məsləhətləşmələrin yeni əməkdaşlıq imkanları yaradacağına və ölkələrimiz arasındakı ənənəvi dostluğu və tərəfdaşlığı daha gücləndirəcəyinə” əminlik ifadə ediblər.
Tərəflər həmçinin, beynəlxalq və regional məsələlər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa dair fikir mübadiləsi apardılar.
“Nazir müavinləri həmçinin nəqliyyat, enerji, iqtisadi-ticarət, təhsil, turizm və terrorizmə qarşı mübarizə də daxil olmaqla digər sahələrdə əməkdaşlıq imkanlarını müzakirə etdilər”, - məlumatda qeyd olunur.
Üçtərəfli siyasi məsləhətləşmələrin müntəzəm əsasda keçirilməsi barədə razılıq əldə olundu. **
F.İsazadə