Israilin xüsusi xidmət orqanları tərəfindən İranın nüvə proqramına dair məlumatların Azərbaycan ərazisindən keçirilməsinə dair yayılan informasiya “fake”dir. Bunu Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Hikmət Hacıyev bəyan edib.
“Yayılmış bu informasiya ən ciddi qaydada Azərbaycanın müvafiq dövlət qurumları tərəfindən araşdırılıb. Tam əminliklə bildiririk ki, bu məlumatın həqiqətlə heç bir uyğunluğu yoxdur, sırf saxta (fake) xəbərdir”, - H.Hacıyevin bəyanatında deyilir.
Öncə Küveytin “Əl-Carida” qəzeti iddia edir ki, Israilin xüsusi xidmət orqanları tərəfindən həyata keçirilən “cəsarətli əməliyyat nəticəsində İranın nüvə proqramına dair məlumatlar Azərbaycan ərazisindən keçirilərək oğurlanıb”.
Nəşrin məlumatına görə, sənədlər 2018-ci ilin yanvar ayında oğurlanıb.
İddia edilir ki, Azərbaycan hökumətinin əməliyyat barədə məlumatı olmayıb. Oğurlanan arxiv sərhəddə keçid-buraxılış məntəqələrini ötməklə Azərbaycana gətirilib, daha sonra hava yolu ilə İsrailə çatdırlıb. **
F.İsazadə