Mayın 12-də Astara şəhərində (İran) Azərbaycan-İran biznes forumu keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO)məlumat verilib.
“Forum Astara Terminalının Şimal-Cənub və Cənub-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafındakı rolu barədə tədbir çərşivəsində keçiriləcək”, - Azpromo-dan bildiriblər.
Həmçinin qeyd olunub ki, forumda iştirakda maraqlı olan iş adamları bilavasitə Fonda müraciət edə bilərlər.
“Şimal-Cənub” nəqliyyat dəhlizi Şimali Avropanı Cənub-Şərqi Asiya ilə, həmçinin Azərbaycan, İran və Rusiya dəmir yollarını birləşdirməyə xidmət edir. Birinci mərhələdə dəhliz üzrə illik 5 mln. ton yük, gələcəkdə isə 10 mln. tondan artıq yük nəql etməyi planlaşdırır.
Yüklər cəmi 14 günə Hindistan ərazisindən keçməklə Fars körfəzi, İran, Azərbaycan, Rusiyadan Skandinaviya və Şimali Avropa ölkələrinə nəql olunacaq.
“Cənub-Qərb” nəqliyyat dəhlizinin ümumi uzunluğu 5311 kilometrdir: Slavkov-İliçevsk - 1364, İliçevsk-Batumi-1050, Batumi-Baku-Astara-982, Astara-Bandar Abbas-1915 km. Bu dəhliz İran, Azərbaycan, Gürcüstan, Ukrayna vasitəsilə Hindistandan Avropaya və əks istiqamətdə yüklərin daşınmasına imkan yaradacaq. “Cənub-Qərb” nəqliyyat dəhlizi ilə yüklər yeddi gün ərzində daşınacaq. ilkin hesablamalara görə, bu dəhliz ilə yüklərin yeddi gün ərzində daşınması mümkün olacaq (bu gün alternativ marşrutlara sərf edilən vaxt 35-37 gündür - İF). **
B.Rüstəmbəyov