ABŞ-ın Nebraska ştatının qubernatoru Pit Rikets 28 may 2018-ci il tarixini “Azərbaycan Milli Günü” elan edib.
“ABŞ-ın Nebraska ştatının qubernatoru Pit Rikets Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar bəyannamə imzalayıb. Bəyannamədə bildirilir ki, 2018-ci il mayın 28-i Nebraska ştatında rəsmi olaraq “Azərbaycan Milli Günü” elan olunub və ştat sakinləri bu əlamətdar günü qeyd etməyə çağırılıb”, - deyə Azərbaycanın ABŞ-dakı səfirliyinin məlumatında bildirilir.
Sənəddə qeyd edilir ki, Azərbaycan son 25 il ərzində öz suverenliyini və müstəqilliyini möhkəmləndirib və hazırda Xəzər regionunda ABŞ-ın müttəfiqi və strateji tərəfdaşıdır.
Eyni zamanda, sənəddə Azərbaycan Xalq Cümhuriyyətinin öz müstəqilliyi uğrunda mübarizə aparmasına baxmayaraq, 1920-ci ildə keçmiş Sovetlər Birliyinin tərkibinə daxil edildiyi və 1991-ci ildə öz müstəqilliyini bərpa etdiyi vurğulanır.
Sənəddə 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman dünyasında ilk demokratik respublika kimi tarixə düşdüyü və bütün vətəndaşlarına bərabər hüquqlar vermiş ilk dövlətlərdən biri olduğu diqqətə çatdırılır. Həmçinin bu respublikanın həmin dövrdə dünyanın bir çox demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanındığı vurğulanır.
Bəyannamə, eyni zamanda, Nebraska ştatının dövlət katibi Con Qeyl tərəfindən də imzalanıb.*
F.İsazadə