SOCAR son illər ərzində dəniz platformalarından atmosferə atılan 4,5 mlrd. kubmetr səmt qazının yığılmasını təmin edib. Bu barədə şirkətin prezidenti Rövnəq Abdullayev məlumat verib.
"SOCAR ekoloji məsələlərə böyük diqqət ayırır və Dünya Bankının “Səmt Qazının Yandırılmasının Azaldılması üzrə Qlobal Tərəfdaşlıq” (GGFR) Təşkilatı ilə birgə layihənin həyata keçirilməsi nəticəsində şirkət tərəfindən 4,5 mlrd. kubmetr səmt qazı yığılaraq Azərbaycanın qaz nəqli sisteminə ötürülüb”, - deyə o, bu gün GGFR-in Bakıda keçirilən illik toplantısında bildirib.
SOCAR prezidentinin sözlərinə görə, səmt qazının yandırılmasının azaldılması ətraf mühitin mühafizəsi ilə yanaşı, ölkə iqtisadiyyatına da töhfə verir.
R.Abdullayev qeyd edib ki, ətraf mühitin qorunması bir ölkənin sərhədləri ilə məhdudlaşmayan bəşəri problemdir. Buna görə Dövlət Neft Şirkəti bu istiqamətdə əsas çalışmalarını beynəlxalq təşkilatlarla birgə həyata keçirir.
SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynova isə bildirib ki, “Neft Daşları” yatağından 280 mln. kubmetr, “Günəşli” yatağından 310 mln. kubmetr, “Çıraq” yatağından isə 350 mln. kubmetr olmaqla hər il 1 mlrd. kubmetrə yaxın səmt qazı yığılaraq qaz nəqli sisteminə ötürülür.*
N.Abbasova