Azərbaycan İsrail-Fələstin sərhədində baş verən qanlı qarşıdurmalardan narahatdır. Bunu xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 45-ci sessiyasındakı çıxışında deyib.
“İsrail-Fələstin sərhədində baş verən qanlı qarşıdurmalar bizim dərin narahatlığımıza səbəb olur. Biz, üzv dövlətlər və İƏT, bu qarşıdurmaları dayandırmaq üçün mümkün qədər səy göstərməliyik. Əvvəllər olduğu kimi, Azərbaycan bu məsələyə öz töhfəsini verməyə hazır olduğunu bəyan edir və biz Fələstin məsələsinin ədalətli və davamlı həlli üçün həmrəyliyimizi və davamlı dəstəyimizi təsdiqləyirik”, – deyə o bildirib.
Nazir qeyd edib ki, Azərbaycan Şərqi Əl-Qüdsün Fələstin dövlətinin paytaxtı olmaqla Fələstin münaqişəsinin “iki dövlət” prinsipi əsasında həllini dəstəkləyir.
E.Məmmədyarovun sözlərinə görə, 2018-ci ilin sonunda Bakıda Fələstin Dövlətinin Asiyada akkreditə olunmuş səfirlərinin illik toplantısı keçiriləcək. “Hesab edirəm ki, bu, Fələstin xalqı və dövlətinin mövcud problemlərinin müzakirəsi üçün əlverişli imkan yaradacaq”, - deyə XİN başçısı vurğulayıb.*